İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində 39 hərrac keçirilib.

İqtisadiyyat.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 495 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-avqust ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 372 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 47 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 8 ayında özəlləşdirmədən dövlət büdcəsinə 105,5 milyon manat vəsait daxil olub ki, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artım qeydə alınıb. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 421-i qeyri-yaşayış, 2338-i isə torpaq sahəsi üzrə olmaqla 2759 yeni icarə müqaviləsi bağlanılıb.

Bu ilin ilk 8 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 25,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 130,8 milyon manat vəsait daxil olub.