"Növbədənkənar prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı belə bir addım atması seçki dönəmində Azərbaycanı hədəfə gətirmək məqsədi daşıyır".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Dövlətimizin doğru yolda olduğunu vurğulayan deputat söyləyib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmasının ölkəmizə hansısa bir təsirinin olma ehtimalı çox aşağıdır:

"Bizim konkret sualımız var. Niyə bu məsələlər məhz indiki dövrdə qalxır? İşğal altında olan torpaqlarını azad etdikdən, suverenliyini təmin etdikdən sonra Azərbaycana qarşı niyə belə addımlar atılır? Bu, bir daha onların ölkəmizə qarşı qərəzli olduğunu göstərir. Bütün bunlar məqsədli şəkildə Azərbaycan əleyhinə atılmış addımlardır. Neçə ildir ki, biz AŞPA-ya üzv dövlətik. Həmin müddət ərzində bir dəfə də olsun bu qurum tərəfindən Ermənistanın törətdiyi soyqırımlarla bağlı hər hansı bir fikir, məlumat görməmişik. Amma bu gün Azərbaycana qarşı qərəzli addımlar irəli sürürülər. Belə olduğu təqdirdə bizim də AŞPA-ya ehtiyacımız yoxdur. Ona görə də, hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti çox doğru addım atdı.
Əlaqələrin yenidən bərpa olunması qurumun bizə münasibətindən, eləcə də proseslərin hansı formada davam etməsindən asılıdır".

Xatırladaq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Sadiq Cavadov