Danimarka Afrikada bərpa olunan enerji layihəsinə 128 milyon kron (18,7 milyon dollar) ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP28) çıxış edən Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.

Onun sözlərinə görə, Afrika ölkələrinə yaşıl keçid ilə bağlı yardım Avropaya qaçqın axınının azaldılmasına da kömək edəcək:

"Afrikanın bir çox ölkələri iqlim dəyişikliyindən ağır zərbə alıb. Afrika qitəsində dünya əhalisinin 17%-i yaşadığı halda, son on ildə bərpa olunan enerjiyə qoyulan investisiyalar qlobal ümumi həcmin cəmi 2%-ni təşkil edib. Əgər biz iqlim dəyişikliyinin qarşısını almasaq və Afrika əhalisinə iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək etməsək, daha çox insan köçəcək və Avropa daha çox miqrant ilə üzləşəcək".

 

Gözəl Həşimova