Rusiya-Ukrayna müharibəsi səbəbindən Qərb bankları Rusiyadakı fəaliyyətlərini dayandırdıqdan sonra Çin bankları boşluğu doldurmaq üçün işə girişib. Çin bankları Rusiya banklarına milyardlarla dollar kredit verib. Çinin Rusiyanın bank sektoruna təsiri 14 ayda 4 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbi məlumat yayıb. 

Məlumata görə, Çinin dörd ən böyük bankının riskli aktivləri 2022-ci ilin əvvəlində 2,2 milyard dollardan 14 ayda təxminən 10 milyard dollara yüksəlib.

Ümumilikdə, xarici bankların Rusiya bank aktivlərindəki payı müharibənin başlanmasından sonra bu ilin mart ayına qədər olan 14 ay ərzində 6,2 faizdən 4,9 faizə düşüb.

Çin banklarının bu addımı Pekinin Çin yuanını dollara alternativ qlobal valyuta kimi təşviq etmək səylərinin bir hissəsi kimi qiymətləndirilib.

Mövzu ilə bağlı açıqlama verən Kiyev İqtisadiyyat Məktəbinin İnkişaf üzrə direktor müavini Andrii Onopriienko Çin banklarının Rusiya banklarına və kredit təşkilatlarına verdiyi kreditlərin öz məqsədinə çatdığını qeyd edib.

Belə ki, müharibədən əvvəl Rusiyanın ixrac ödənişlərində Çin yuanının payı 1 faizdən az olduğu halda, hazırda 16 faiz təşkil edir. Müharibədən əvvəl 60 faizdən yuxarı olan dollar və avronun payı 30 faizdən aşağı düşüb.