Sentyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Madyar Demokrata” macar nəşrinə müsahibə verib.

İqtisadiyyat.az həmin müsahibəni təqdim edir:

Macarıstanın Avropa İttifaqı ölkələri arasında iki ölkənin hökumət rəhbərləri və üzvlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərin sayına görə birinciliyin səbəblərini izah edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri deyib: “Azərbaycan dünyanın bir çox ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir. Azərbaycanın xarici siyasətinin prioriteti bütün cəbhələrdə diplomatiyanın fəal rolunu təmin etməkdir. Həqiqətən, Macarıstan bizim əməkdaşlığımızın yüksək səviyyəyə çatdığı ölkələr arasındadır və bu əlaqələr genişlənməkdə davam edir. Əməkdaşlığımızın təməlləri hələ çoxdan qoyulub. Cənab Prezident İlham Əliyev bir neçə dəfə Macarıstana səfər edib. 2014-cü ildə Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Həmin vaxtdan bizim münasibətlərimiz sıx, dostcasına, qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan yüksək səviyyəyə qalxıb. Ona görə də heç də təəccüblü deyil ki, 2014-cü ildə imzalanmış həmin bəyannamədən 9 il sonra - artıq bu il, 2023-cü ilin yanvarında Prezident İlham Əliyev və Baş nazir Viktor Orban tərəfindən yeni sənəd – Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair Bəyannamə imzalanıb. Əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində iki dövlətin qarşılıqlı iradəsi bizim münasibətlərimizi həqiqətən də fərqli edir. İki lider arasında müzakirə olunan məsələlərin hamısı sonradan özünü konkret fəaliyyətdə göstərir və həyata keçirilir. Dünən mənə macar həmkarımla əvvəllər imzalanmış bəyannamələr əsasında birinci strateji dialoqu keçirmək müyəssər oldu. Əgər bizim dialoqun yekun protokoluna nəzər salsaq, onda görərik ki, münasibətlərimiz həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlarda – siyasi, iqtisadi, mədəni, o cümlədən təhsil, turizm və bir çox digər istiqamətlərdə geniş spektri əhatə edir”.

Bazar ertəsi günü Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən birinci strateji dialoqa toxunan Ceyhun Bayramov deyib ki, bu dialoq çox konstruktiv atmosferdə aparılıb və ounuun əsnasında geniş məsələlər spektri müzakirə olunub. Bu görüşlə yanaşı, Azərbaycan XİN-in rəhbəri özünün macar həmkarının dəvəti ilə Macarıstanın dünyanın müxtəlif ölkələrindəki diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən konfransda iştirak edib, diplomatların çoxsaylı suallarını cavablandırıb. O vurğulayıb: “Bu, çox gözəl imkan idi. Təkcə bu il ərzində cənab Siyarto üç dəfə Azərbaycana səfər edib. Mən də cari ildə üç dəfə Macarıstana getmişəm, bunların ikisi dövlət başçısının səfəri çərçivəsində olub. Cari ildə üçüncü səfərim ölkələrimizin XİN-lərinin başçılarının birinci strateji dialoqu kontekstində həyata keçirilir”.

İki ölkə arasında energetika – həm ənənəvi karbohidrogen, həm də “yaşıl” enerji sahələrində əməkdaşlığın yeni perspektivləri ilə bağlı sualı cavablandıran Ceyhun Bayramov deyib: “Həqiqətən, energetika bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycanın energetika siyasəti öz-özlüyündə çoxşaxəlidir və Macarıstan ilə əməkdaşlıq bizim milli energetikamızın bütün seqmentlərini əhatə edir. Buraya MOL konserninin timsalında macar kapitalının iştirakının olduğu neft seqmenti də daxildir: xüsusən, bu şirkət Azərbaycanın ən böyük neft ehtiyatlarının olduğu “Azəri-Çıraq-Günəşli” yatağında səhmlərin 9,57 faizinə, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9 faizlik paya malikdir. Bu, həm də qaz seqmentidir. Burada qeyd etmək lazımdır ki, 2020-ci ilin sonundan etibarən – Cənub Qaz Dəhlizinin, daha dəqiq desək Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin ikinci mərhələsinin başa çatmasından sonra Azərbaycan ilk dəfə Avropa bazarına təkcə xam neft deyil, həm də təbii qaz ixrac etməyə başladı. Əvvəlcə nəzərdə tutulmuşdu ki, təbii qaz tədarükü İtaliya, Yunanıstan və Bolqarıstana ediləcək, lakin sonradan bir sıra digər dövlətlər tərəfindən də maraq göstərildi ki, onların arasında bizə dost olan Macarıstan da var. Dünən həmkarımla görüşdə Peter Siyarto bildirdi ki, Azərbaycan qazı artıq Macarıstana daxil olmağa başlayıb. Biz tədarükün həcmini artırmağı planlaşdırırıq. Ölkələrimizi birləşdirən neft və qazla yanaşı, həmçinin yaşıl enerji seqmentini də qeyd etmək lazımdır. Bildiyiniz kimi, 2022-ci il iyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, həmin ilin dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Beləliklə, yaşıl elektrik enerjisi Azərbaycan ilə Macarıstan arasında energetika sahəsində əməkdaşlığın daha bir seqmentidir. Lakin eyni zamanda, qeyd etmək istərdim ki, söylənənlərin hamısı ədalətli şəkildə bütün Avropa İttifaqına aid ediləcək, çünki uzun illər ərzində adı çəkilən seqmentlər – neft, 2020-ci ildən etibarən qaz və habelə perspektivdə yaşıl elektrik enerjisi olmaqla, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olaraq qalır. Artıq söylədiyim kimi, ilk dəfə Xəzər qazı Macarıstana nəql edilməyə başlayıb. Əvvəlcə təbii qazın üç ölkəyə - İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü nəzərdə tutulurdu. Lakin bu ildən başlayaraq Macarıstan və Rumıniyada Xəzər dənizinin dərinliklərindən hasil edilən qazın nəql olunduğu ölkələr sırasına qoşuldu. Bir sıra digər ölkələr də maraq göstərib və qoşulmaq istədiklərini bildiriblər. Xüsusən, bu ilin aprelində Azərbaycan, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın energetika şirkətləri “həmrəylik halqası” adlanan saziş imzaladılar. Bu sənədin imzalanmasında məqsəd Avropanın daxili qaz interkonnektorlarının Cənub Qaz Dəhlizi ilə nəql edilən qazın həcminin artırılması üçün istifadə olunmasıdır. Gördüyünüz kimi, planlar böyükdür. Avropa 2027-ci ildə bizdən 20 milyard kubmetr qaz almağı gözləyir. Hazırkı dinamika bizə bu məqsədə çatmağa imkan verir. Ən başlanğıcda Azərbaycan 8 milyard kubmetr qaz tədarük edirdi. Artıq ötən il bu, 11,4 milyard kubmetrə çatıb, cari ildə isə 12,5 milyard kubmetr olacaq. Bu, təkcə Avropa İttifaqı üçündür. Aİ ilə yanaşı Azərbaycan Gürcüstana əsas və ən iri bazarlardan olan Türkiyəyə böyük təbii qaz tədarükçüsüdür.

Ceyhun Bayramov, həmçinin hava nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub, “Wizzair” aviaşirkətinin rolunu qeyd edib, habelə turizm, inşaat, hərbi-sənaye, əczaçılıq, Ələt Azad İqtisadi Zonası üzrə layihələrdən də bəhs edib. Nazir Macarıstanın Cəbrayıl rayonunun Soltanlı kəndində “ağıllı kənd” yaradılması planından da danışıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni perspektivləri haqqında suala cavab verən xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, Macarıstan bu təşkilatda müşahidəçi qismində iştirak etdiyi 2018-ci ilin ilk günündən etibarən fəallıq nümayiş etdirir. Xalqlarımızın ortaq tarixi keçmişi, sıx mədəni kökləri var və hər iki ölkənin cəmiyyətləri gələcək yaxınlaşmaya açıq maraq göstərir. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhəri və Macarıstanın mədəniyyət paytaxtı Vesprem şəhəri fəal əməkdaşlıq edirlər, onların arasında memorandum imzalanıb. Macarıstanın TDT-də rolu çox müsbətdir və təşkilatın bütün üzvləri bunu yüksək qiymətləndirir.

Cənubi Qafqaz regionunda postmüharibə nizamlanmasının hazırkı vəziyyətindən bəhs edən Ceyhun Bayramov deyib: “Düşmənçilik səhifəsini çevirmək və sülh nizamı qurmağa başlamaq təklifi Prezident İlham Əliyevdən gəlib, həm də bu, 44 günlük müharibənin başa çatmasından iki ay sonra olub. Münaqişənin 30 illik uzun tarixini, habelə Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntıları nəzərə alsaq, əlbəttə, təbii ki, belə təkliflə çıxış etmək asan deyildi. Lakin Bakı bunu etdi və gələcəyə baxmaq təklifini birinci irəli sürdü. Ermənistan 13 ay müddətində bu təklifə cavab vermədi. 2022-ci ilin fevralında Azərbaycan daha bir təkliflə çıxış edərək gələcək sülh sazişinin əsasını təşkil edəcək beş prinsip irəli sürdü. Sonra 2022-ci ilin oktyabrında Azərbaycan yenidən fəallıq nümayiş etdirərək sülh sazişinin layihəsini hazırladı və onu Cenevrədəki danışıqların birinci raundunda Ermənistana təqdim etdi. Azərbaycanın mövqeyi düşmənçiliyi geridə buraxmaq və beynəlxalq hüquq prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə, suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında iki ölkə arasında münasibətlərdə yeni mərhələyə başlamaqdan ibarətdir. Biz nəyi görürük? Ermənistana müharibədən sonra bu ölkənin baş nazirinin nəhayət ki, şifahi də olsa, tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün iki il yarım vaxt lazım oldu. İndi şifahi söylənmiş bəyanatın rəsmi imza ilə təsbit edilməsinin vaxtı gəlib çatıb, bunun üçün isə sülh sazişi layihəsi üzərində işlər başa çatmalıdır. Təəssüf ki, biz Ermənistan rəhbərliyinin əvvəllər etdiyi şifahi bəyanatların onun əməllərinə uyğun gəlmədiyini müşahidə edirik. Bəzən əvvəllər söylənən fikirləri təkzib edən bəyanatlar eşidirik. Ən pis olanı odur ki, biz vaxtaşırı olaraq hərbi təxribatları də görürük. Bu hissə iki komponenti ehtiva edir və onların hər biri regionda gərginliyi artırır: birincisi, Ermənistan ilə Azərbaycan arasında şərti sərhəddə baş verən təxribatlardır; ikincisi isə - burada mən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı kobud şəkildə pozan Azərbaycan ərazisindəki 10 min şəxsdən ibarət qanunsuz hərbi birləşmələrin bu günədək mövcudluğunun regionda gərginliyin və təhlükənin ciddi mənbəyi olduğu şəraiti xüsusi vurğulamaq istəyirəm. Xatırladıram ki, həmin sənədin dördüncü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşməsinə paralel olaraq, bütün erməni silahlı birləşmələri çıxarılmalı idi. Təəssüf ki, üçtərəfli Bəyanatın imzalanmasından təxminən üç il sonra qanunsuz hərbi birləşmələr hələ də çıxarılmayıb. Onlar Ermənistan tərəfinin himayəsindədir və onun dövlət büdcəsindən maliyyələşdirilir. Bu bölmələrin şəxsi heyətinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin hərbi personalından ibarətdir. Bunu təsdiq edən çoxlu sayda sübutlar və faktlar var. Biz əminik ki, sülh gündəliyi davam etməlidir və bu prosesin başa çatdırılmasında qətiyyətliyik. Sazişin yekun mətninin hazırlanması da başa çatmalıdır və o, istisnasız olaraq beynəlxalq hüquq normalarına əsaslanmalıdır”.

Bu günlərdə bir sıra xarici KİV-lərdə şişirdilən Laçın yolu mövzusuna toxunan nazir bildirib ki, bütün bu səs-küyün mənbəyi Ermənistan və onu himayədarlarıdır. “Bütün bu təbliğatın heç bir əsası yoxdur. Bu, humanitar məsələ deyil, sırf siyasi manipulyasiyadır. Hazırda Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən istifadə olunur. Hər gün onlarla erməni sakinlər hər iki istiqamətdə keçid buraxılış məntəqəsindən sakit şəkildə keçir. Onlar xəstələrini daşıyır, bununla yanaşı BQXK regiona dərman preparatları və digər zəruri məhsullar gətirir. Bakının mövqeyi ondan ibarətdir ki, bütün alternativ marşrutlardan istifadə olunsun. Əgər məsələ həqiqətən humanitar sahəyə aid olsaydı, onda çox tez bir müddətdə bir neçə yolun paralel olaraq açılması ilə həll oluna bilərdi. Lakin artıq üç ildir ki, regionda yerli ermənilərin bəzi nümayəndələri əllərindən gələni edirlər ki, bütün bu imkanların qarşısını alsınlar, erməni əhalinin Azərbaycan dövlətinin siyasi, iqtisadi, sosial arxitekturasına reinteqrasiyasi prosesinin birbaşa və bilavasitə ilk addımları kimi qiymətləndiriləcək hər hansı ipi kəssinlər. Bu isə seqreqasiyanın, separatçılığın dəstəklənməsindən başqa bir şey deyil. Təəssüf ki, Ermənistanın mövqeyi də bu xəttin dəstəklənməsindən ibarətdir ki, bu da İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında şifahi bəyanatına ziddir. Marşrutlar üzrə ilkin razılaşmalar əldə olunmuşdu, lakin Ermənistan rəhbərliyi son məqamda, əvvəllər də dəfələrlə olduğu kimi, yenə də onların şərtlərini pozurdu. “Hansısa humanitar fəlakət” barədə qaralayıcı informasiya kampaniyasının heç bir əsası yoxdur. Bir marşrut yerinə dərhal bir neçəsini təklif edən ölkəni “humanitar böhranda” ittiham etmək ağlasığmazdır. Biz Ağdam-Xankəndi yolunu bu marşrutun optimal olduğuna görə təklif edirik, həqiqətdə isə bir çox başqa yollar, o cümlədən Füzuli və Şuşa şəhərindən də marşrutlar var. Tərəfdaşlarımız, həmçinin BQXK-nin əməkdaşları bütün bunlardan xəbərdardır. Ağdamdan yüklərin çatdırılması məqsədilə konvoy təşkil etmək onlar üçün bir neçə saatın işidir. Onların bütün imkanları - zəruri infrastruktur, logistika, nəqliyyat vasitələri, Bərdədə anbarlar – bir sözlə, lazım olan hər cür şəraitləri mövcuddur. Ağdamdan yol ən qısadır. Lakin erməni əhalisinin etdiklərinə baxın! Onlar beton bloklar qoyublar və bu da ərzağın çatdırılmasını qeyri-mümkün edir. Bütün məsələ bundan ibarətdir. Onları separatçılıq maraqlandırır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu mövzu siyasiləşdirilməməlidir, belə ki, sən digər marşrutları rədd edərək yalnız bir yoldan danışırsansa, bu, artıq məsələnin siyasiləşdirilməsidir və humanitar müstəvi ilə heç bir əlaqəsi yoxdur. Bu, artıq siyasi gündəmdir, həm də çox zərərlidir. Bu, nə ermənilərin, nə də azərbaycanlıların marağındadır. Münaqişənin otuz ili göstərdi ki, bu özünütəcridin heç kimə faydası olmayıb. Biz Qarabağın erməni əhalisinə öz vətəndaşlarımız kimi baxmaqda davam edirik. Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik dövlət deyil. Azərbaycan Konstitusiyasına və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq konvensiyalara görə, bütün etnik azlıqlar bərabər hüquqlara, azadlıqlara və bərabər vəzifələrə malikdir”.

Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağın erməni əhalisi arasında dialoqa toxunan nazir qeyd edib ki, artıq birinci görüş keçirilib. “Prezidentin təyin etdiyi xüsusi nümayəndə ilin əvvəlində Qarabağda ilk görüşünü keçirib, bundan sonra rotasiya qaydasında Azərbaycanın şəhərlərindən birində ikinci görüşün keçirilməsi üzrə dəvət göndərilib. Həmçinin, erməni əhalisinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, mərkəzi hökumətin təmsilçisi bu rotasiya formatında gələcək görüşlərin keçirilməsini davam etdirməyə hazırdır; üçüncü görüş yenə Qarabağda, dördüncüsü Azərbaycanın şəhərlərinin birində, beşincisi yenə Qarabağda və sairə. Bizim üçün vacib olan prosesin davam etməsidir. Bu mənada Bakı dialoq üçün xoş iradə və açıq mövqe nümayiş etdirir. Bu, irəliyə doğru yeganə yoldur. Dialoqdan imtina edənlər, onlara mesaj göndərə biləcək və hər hansı bir vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Məgər onlar xoşbəxt oldular, daha yaxşı yaşamağa başladılar? Əlbəttə, yox. Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq”.

Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqların hazırki vəziyyətindən danışan Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bir hissəsidir. “Kommunikasiyaların açılması çox vacibdir, çünki nəqliyyat əlaqələri, ticarət və sairə təkcə tərəflərə fayda və gəlir gətirmir, eyni zamanda regionda sülh prosesini dönməz edir. Belə ki, ölkələr bir-birinə sıx bağlı olur. Eyni zamanda, təkcə bizim regionda deyil, həm də Ukraynadakı müharibə də diqqətə alınmaqla onun hüdudlarından kənarda baş verən geosiyasi proseslər bizə Şərq və Qərbi birləşdirən yeni nəqliyyat marşrutlarının açılmasını diktə edir. Marşrutlara həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya dövlətləri və daha sonra Şərq tərəfindən güclü tələbat var. Bu mənada Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti böyükdür. Təkcə ötən il bizim ölkəmizdən yük axını 70 faiz artıb. Tələbat çoxdur. Zəngəzur dəhlizi Şərq-Qərb yolunda elementlərdən biridir. Ekspertlər müəyyən ediblər ki, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də digər ölkələr üçün çox faydalıdır. 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. Artıq üç ildir ki, işlər davam edir. Hansısa məqamda belə bir təəssürat yaranır ki, biz işləri yekunlaşdırmağa yaxınıq, lakin birdən - son dəqiqədə Ermənistan gözlənilmədən yeni bir iddia irəli sürür, bu da prosesi dalana sürükləyir. Bu, qeyri-konstruktivdir, həm də üçtərəfli Bəyanatın müvafiq maddəsinin pozulmasıdır. Həmin maddəyə görə, Ermənistan öz üzərinə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə qarantiya vermək öhdəliyini götürüb. Bu, Ermənistan tərəfindən qeyri-konstruktiv olmaqla yanaşı, həm də ona zərər verir. Bu ölkə özünü gəlirlərdən məhrum edir, hərçənd bütün ölkələr arasında məhz onun öz iqtisadi vəziyyətini düzəltməyə və izolyasiyadan çıxmağa ehtiyacı var”.

Azərbaycan XİN-in başçısı müsahibənin sonunda bildirib ki, bu cür yanaşma İrəvanı öz iqtisadiyyatını qaydaya salmaq üzrə daha bir imkandan məhrum edəcək. Çünki, yol sadəcə olaraq Ermənistandan yan keçə bilər. Azərbaycan isə “B” planına malik olan ölkə kimi, bu istiqamətdə işi davam etdirəcək. Onun üçün layihə Ermənistanın iştirakı olmadan da həyata keçirilə bilər, amma belə olan təqdirdə İrəvan bundan zərər çəkəcək.