Cənubi Koreyada parlament seçkiləri keçirilir. Ölkə üzrə 44 milyondan çox seçici növbəti 4 il müddətinə Milli Assambleyanın 300 üzvünü müəyyənləşdirmək üçün 14 min 259 məntəqədə səsvermədə iştirak edir.

İqtisadiyyat.az xəbər verir ki, yerli vaxtla səhər saat 6-da başlayan səsvermə prosesi 18:00-da başa çatacaq. Səsvermənin ilk 3 saatının nəticəsinə əsasən seçici fəallığı 6,9 faiz təşkil edib.

Parlament seçkiləri ilə əlaqədar aprelin 5-6-da keçirilmiş erkən səsvermədə seçicilərin təxminən 31 faizi səs verib. Bu, 2014-cü ildən tətbiq olunan erkən səsvermələrdə qeydə alınan ən yüksək göstəricidir. Erkən səsvermədəki fəallıq koreyalıların parlament seçkisinə marağını əks etdirir. 

Seçkilərdə iki aparıcı siyasi qüvvə - hakim Xalqın Gücü Partiyası və əsas müxalif Demokratik Partiya mübarizə aparır. Ekspertlər hesab edirlər ki, hakim partiya parlamentdə kifayət qədər yer qazana bilməsə, Prezident Yun Sok Yol planlarını həyata keçirə bilməyəcək. Müxalifət parlamentdəki yerlərin ən azı 200-nü qazanarsa, Prezidentin impiçmenti də real görünür. Seçkidən əvvəl keçirilmiş bir neçə sorğunun nəticələri müxalif qüvvələrin parlamentdə üstünlük qazanacağını deməyə əsas verir. 

Qanunvericiliyə əsasən, deputatların 254-ü birbaşa, 46-sı isə partiya siyahısı üzrə seçiləcək.(Azertac)