Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Qarabağın erməni sakinləri üçün göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR bir neçə gün Bərdədə gözlədildikdən sonra bu səhər Xankəndiyə yola düşüb. Yük Azərbaycanın şərtlərinə uyğun olaraq Ağdam-Xankəndi yolundan keçib. Separatçılar bu yolun açılmayacağını, bunun onlar üçün qırmızı xətt olduğunu deyirdilər. Lakin faktiki olaraq bu gün sözügedən yol açıldı. 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bugünkü addım İkinci Qarabağ savaşından sonra Azərbaycanın Ermənistana qarşı apardığı siyasi və diplomatik müstəvidəki növbəti uğurlarından biridir:

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiyanın Qızıl Xaç Cəmiyyətinin humanitar yük maşını əvvəlcə Azərbaycan qanunvericiliyinə uyğun şəkildə Dövlət Sərhəd Xidməti və gömrük orqanının nəzarətindən keçərək ölkəyə daxil olub. İki günlük gecikmə olsa da, cinayətkar ünsürlər humanitar yükün Xankəndiyə daxil olmasına razı olmağa məcbur oldular. Təbii ki, bu, çox ciddi hadisədir. Artıq bir neçə aydır ki, Ermənistan və ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Guya Azərbaycan Laçın yolunda blokada yaratmaqla, Xankəndidə böhran şəraiti yaradır. Əlbəttə ki, bu ittiham sadəcə şoudur və bunu dünyanın bir çox ölkələri bilir. 

Azərbaycan-Ermənistan sərhədində 20-dən artıq yük maşınının saxladılması, daha sonra Paris, Marsel və Strasburq merlərinin müşayiəti ilə Fransaya aid olan 10 yük maşınından ibarət humanitar karvanının sərhədə gətirilməsi sadəcə humanitar böhran şousu idi. Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Qarabağın erməni sakinləri üçün göndərdiyi TIR-ın Xankəndiyə çatması bu şounun iflası deməkdir. Humanitar böhran oyunu artıq bitdi. Nəhayət ki, uzun illər sonra Xankəndi yolunun açılmasına nail olduq. İkinci Qarabağ savaşından sonra belə Xankəndiyə giriş bağlı idi. Bu isə Azərbaycanın dövlət qurumlarının Xankəndidə fəaliyyətinə və əraziyə tam şəkildə nəzarət etməsinə maneçilik törədirdi". 

 

thumb%20(2).jpg

 

Qarşıdakı dövrdə baş verəcək gedişata da toxunan Xəyal Bəşirova görə, Xankəndi istiqamətində Laçın yolunun yalnız Ermənistanın və havadarlarının istəyinə uyğun olaraq açılması mümkünsüzdür:

"Əgər Xankəndiyə sözügedən yük daxil olubsa, bu halda cinayətkar ünsürlərin Xankəndi istiqamətində törətdiyi əngəllər aradan qaldırılmalıdır. Azərbaycanın rəsmi mövqeyinə əsasən, beynəlxalq səviyyədə Xankəndi də Azərbaycan ərazisinin tərkibindədir. Ermənistan tərəfi bunu qəbul edirsə, bu halda Xankəndiyə müxtəlif istiqamətlərdə yolların açılması ölkəmizin daxili işidir. Azərbaycanın məqsədi budur ki, Ağdam-Xankəndi yolu, paralel olaraq Laçın-Xankəndi yolu ilə birlikdə istifadəyə verilməlidir. Azərbaycan bu vaxta qədər kənar qüvvələrin, o cümlədən Ermənistanın təxribat xarakterli planlarına uyğun olaraq hərəkət etməyib və etməyəcək. Əgər qarşı tərəf vəziyyətin yenidən gərginləşdirilməsinə imkan yaradarsa, bu halda cinayətkar tərəf zərərsizləşdiriləcək. Hər bir halda Azərbaycanın haqlı çağırışlarına səs verilməlidir və Ermənistan qanunazidd əməllərindən əl çəkməlidir. Çünki Azərbaycanın Xankəndi ilə bağlı mövqeyində dəyişiklik olmayacaq". 

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi.

Gülşən Şərif