Hindistan Daxili İşlər Nazirliyinin yeni açıqladığı hesabata görə, 2019-2021-ci illər arasında ölkə ərazisində 1,3 milyondan çox qadın itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Hindistanın Milli Cinayət Qeydiyyatı Bürosu (MCQB) tərəfindən tərtib edilən hesabatda qeyd olunur ki, itkin düşənlərin 1 milyondan çoxu yetkin qadın, 250 mindən çoxu isə yaşı 18-dən az olan qızlardır. Qız və qadınların ən çox yoxa çıxdığı bölgələr Madhya Pradesh və Qərbi Benqal əyalətləridir.

Ümumiyyətlə qadınların yoxa çıxması Hindistanda ümummilli problemdir. Hətta paytaxt Yeni Dehlidə eyni vaxtda 60.000-dən çox qadının və 20.000 gənc qızın itkin düşdüyü barədə rəsmi rəqəmlər var. Digər rəsmi statistikaya görə, təkcə 2021-ci ildə yarım milyona yaxın insan itkin düşmüş hesab olunub.

İtkin düşən qadınların sayının bu qədər çox olması müxtəlif səbəblərlə əlaqələndirilir. O səbəblər sırasında məcburi nikah, ev işləri, cinsi istismar və insan alveri əsas yerləri tutur. MCQB tərəfindən təqdim olunan hesabatda digər səbəblər də qeyd olunub: ruhi xəstəlik, yanlış ünsiyyət və səhv qərarlar, macəra axtarışı, məişət zorakılığı və müxtəlif səpkili cinayətlərin qurbanı olmaq və s.

Bəzi gənclər dözülməz zorakılıq və pis rəftara görə evdən qaçırlar. Bu kateqoriyadan olan gənclər asanlıqla insan alveri, narkomaniya, fahişəlik və digər istismar və cinayətə cəlb olunurlar. Bunun ardınca isə qətl, intihar və ya qəza kimi faciəli sonluqla üzləşirlər. 

Hindistan hökuməti qadınlara qarşı geniş yayılmış cinayətlərlə mübarizə tədbirləri həyata keçirsə də, ölkənin qadın hüquqları müdafiəçiləri bu addımları kifayət qədər effektiv hesab etmirlər: “Məsələn nazirlik nəzdində yaradılan qaynar xətt nömrələri yalnız şikayət etmək imkanı olan şəxslərə xidmət göstərir. Əvəzində irimiqyaslı insan alveri şəbəkəsi yenə öz işindədir” – deyə qadın hüquqları müdafiəçisi Kavita Krişnan bildirib.