İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. İmtahan kompüterlər vasitəsilə aparılacaq. 

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün test imtahanı keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

DİM tərəfindən bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov bu gün “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcək.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə bu gün Fransanın paytaxtı Paris şəhərinə səfər edəcək.

Polşada bu gün “Payız atəşi” təlimi keçiriləcək. Təlimdə ölkənin ABŞ və Cənubi Koreyadan aldığı hərbi texnika nümayiş etdiriləcək.

Təlim Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddən 80 kilometr aralıda yerləşən Bemovo-Piska şəhərindəki Piyada Təlim Mərkəzinin poliqonunda baş tutacaq.

Polşa hakimiyyəti bu gündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə daxil olmasına qadağa qoyulmasına dair qərar qəbul edib.

Bu gün futbol üzrə Azərbaycan çempionatının 6-cı turuna "Turan Tovuz" - "Qəbələ", "Qarabağ" - "Sabah" matçları ilə yekun vurulacaq. Tovuz şəhər stadionunda keçiriləcək ilk oyun saat 16:30-da start götürəcək. "Qarbağ" - "Sabah" matçı isə saat 19:30-da baş tutacaq.

Bu gün İrəvan Şəhər Şurasına seçki keçiriləcək. Seçkiyə 13 partiya və 1 blok qatılıb. Proporsional üsulla seçilən şura 65 nəfərdən ibarətdir.