Böyük Britaniya və Belçika Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və onun aktivlərinin müsadirə edilməsində əməkdaşlıq edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın Londonda belçikalı həmkarı Aleksandr de Kroo ilə görüşündən sonra verdiyi bəyanatda deyilir.

Bundan əlavə, liderlər Yəmənin üsyançı Husilər hərəkatının hədəflərinə ABŞ və Böyük Britaniyanın birgə zərbələrini müzakirə edib: "Naviqasiya azadlığının qorunmasının və İranın regionda düşmənçilik fəaliyyətinin qarşısının alınması vacibdir".

Sunak və De Kroo, həmçinin qeyri-qanuni immiqrasiya ilə mübarizə, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığı gücləndirməklə, yaxın həftələrdə ölkələr arasında hüquq-mühafizə orqanları ilə əməkdaşlıq sazişinin hazırlanacağını açıqlayıb. 

Bundan əlavə, liderlər enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.