Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff Londondan Tehranla bağlı gələn xoşagəlməz bəyanatlarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Britaniya rejiminin Tehrana qarşı davam edən ittihamları ilə əlaqədar olaraq Britaniya səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz bildirilib. 

Yanvarın 29-da Böyük Britaniyanın baş naziri Rişi Sunak iranpərəst qrupların İordaniya-Suriya sərhədindəki Amerika hərbi bazalarından birinə hücumunu şərh edərək, İranı Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hərəkətə keçməyə çağırıb.

Həmin gün Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək yeddi nəfəri siyahıya əlavə edib.