"Böyük Britaniya münaqişə davam etdiyi müddətdə Ukraynaya qoşun yeritmək niyyətində deyil, britaniyalı təlimatçıların göndərilməsi planları ölkələr arasında uzunmüddətli əməkdaşlıq dövrünə aiddir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak "Sky News"a bildirib.

Sunak deyib: "Heç bir Britaniya əsgəri hazırkı münaqişədə iştirak etmək üçün göndərilməyəcək" .

O, Britaniyanın müdafiə naziri Qrant Şappsın britaniyalı təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı açıqlamalarının “uzunmüddətli perspektivə” aid olduğuna aydınlıq gətirib: "Müdafiə naziri bunun gələcəkdə bir gün olacağını nəzərdə tuturdu".

Qeyd edək ki, Şapps "The Sunday Telegraph" qəzetinə müsahibəsində bildirib ki, Böyük Britaniya Müdafiə Nazirliyi Ukrayna ərazisində Ukrayna Silahlı Qüvvələrinin əsgər və zabitlərinə təlim keçəcək britaniyalı hərbçilərin yerləşdirilməsi imkanlarını öyrənir. İdarə rəisi sentyabrın 27-də Kiyevə səfəri zamanı bu planları Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə etdiyini bildirib. Nazir həmçinin qeyd edib ki, digər NATO ölkələri ilə birlikdə Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və “onları alyansa üzv olmağa hazırlamalıdır”.

Hazırda Böyük Britaniya öz ərazisində Ukrayna hərbçiləri üçün təlim kursları keçirir. Böyük Britaniya Müdafiə Nazirliyinin son məlumatlarına görə, 2022-ci ilin fevralından bəri 26,5 min Ukrayna hərbçisi artıq təlim keçib. Daha əvvəl Şapps bildirmişdi ki, London ilin sonuna qədər təlim keçmiş Ukrayna hərbçilərinin ümumi sayını 30 minə çatdırmaq niyyətindədir.