Böyük Britaniya hökuməti HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvara və təşkilatla əlaqəsi olan daha beş şəxsə qarşı sanksiyalar tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın hərbi lideri Məhəmməd əl-Deyf, HƏMAS Siyasi Bürosunun üzvü Musa Dudin və hərəkatın digər yüksək rütbəli üzvü Mərvan İsa da ölkəyə giriş qadağası və aşkar edilərsə bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudiyyətlərə məruz qalıb. Sanksiya siyahısında həmçinin Böyük Britaniyada terror təşkilatı kimi tanınan hərəkatın maliyyələşdirilməsində iştirak etdiyi iddia edilən sudanlı Abdelbasit Hamza və livanlı Nabil Çuman da var.

Birləşmiş Ştatlarla koordinasiyada həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə siyahıda adı çəkilən şəxslərlə hər hansı silah satışı əməliyyatlarına qadağa da daxildir: "Biz terror təşkilatının çirkin fəaliyyətini pozmaq, onun fəaliyyətini çətinləşdirmək və beynəlxalq səhnədə təcrid etmək üçün ABŞ və digər müttəfiqlərimizlə işləmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik. Fələstinlilər də HƏMAS-ın qurbanlarıdır. Biz onların yanındayıq".