Bolqarıstanda hökumətin kənd təsərrüfatı sahəsində siyasətindən narazı olan fermerlər kənd təsərrüfatı naziri Kiril Vıtevin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Baş nazir Nikolay Denkovun dünən 3 iri fermer təşkilatı ilə imzaladığı müqavilədən qane olmayan 26 kiçik və orta yerli təşkilatın nümayəndələri paytaxt Sofiyada hökumət binası qarşısına toplaşıb.

Fermerlər binanın yanındakı qovşağın üzərinə bir ton yarım süd töküblər. Nümayişçilər ölkənin 21 nöqtəsində ağır kənd təsərrüfatı maşınları ilə nəqliyyatın hərəkətini müvəqqəti bağladıqlarını bildiriblər.

Əksəriyyəti meyvə-tərəvəz istehsalçıları olan etirazçılar hökumətin sektoru dəstəkləmək üçün ayırdığı illik 76 milyon avroluq yardımın yetərli olmadığını qeyd ediblər.

Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü aksiya dincliklə yekunlaşıb.

 

Gözəl Həşimova