Bolqarıstan Hərbi Dəniz Qüvvələri və onun NATO üzrə tərəfdaşları Bolqarıstan sahilləri yaxınlığında Qara dənizdə taktiki suya tullanma təlimləri keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-dək davam edəcək “Triton 2023” təlimi çərçivəsində sualtı sursat və dəniz minalarının aşkar edilməsi, təsnifatı və zərərsizləşdirilməsi üzrə prosedurlar həyata keçiriləcək. Dalğıc qrupları əvvəlcədən təyin edilmiş ərazilərdə növbəli şəkildə fəaliyyət göstərəcəklər.

"Təlimlər artıq üçüncü ildir ki, Bolqarıstanın ərazi sularında keçirilir. Təlimlərdə Bolqarıstan, Rumıniya, Türkiyə, İtaliya və ABŞ-nin hərbi dəniz qüvvələrinin nümayəndələri iştirak edir. Təlimlərin məqsədi dalğıc əməliyyatları və sualtı sursatların partladılması zamanı prosedurların təkmilləşdirilməsi və NATO standartlarının tətbiqi, habelə onların maddi-texniki və tibbi təminatıdır", - deyə məlumatda bildirilir.