"Avropa Ukraynadakı münaqişəni davam etdirə bilməz, hərbi əməliyyatlara son qoymaq üçün qlobal strategiya hazırlamaq lazımdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Avropa İttifaqının (Aİ) Portuqaliyada keçirilən qeyri-rəsmi görüşündə deyib. 

"Beynəlxalq ictimaiyyətin hərbi əməliyyatlara son qoymaq və uzunmüddətli sülhü təmin etmək üçün qlobal strategiyaya ehtiyacı var. Silah təchizatı münaqişənin həllinə kömək etmir, hərbi, iqtisadi və diplomatik tədbirlər arasında rasional tarazlıq lazımdır. Avropa bu müharibəni davam etdirə bilməz, sülhü bərpa etməyin yollarını tapmaq lazımdır. Beynəlxalq səviyyədə tanınmış BMT prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün güclü siyasi iradə, diplomatiya və fəal danışıqlar lazımdır", , - o vurğulayıb.

Radev qeyd edib ki, Ukrayna böhranı beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır və dağıdıcı müharibə təkcə hərbi əməliyyatların birbaşa iştirakçılarına deyil, həm də bütün qonşu dövlətlərin sosial və iqtisadi sistemlərinə təsir göstərir. O, münaqişə zonasının genişləndirilməsi, eləcə də Ukraynanın liman infrastrukturu üçün bombardmanlardan və Qara dənizdə gəmiçiliklə bağlı məhdudiyyətlərdən yaranan risklərdən narahatlığını bildirib.