Bildiyimiz kimi bu ilin əvvəlindən hökumət əhalinin sosial rifahının və mənzil təminatının yaxşılaşması üçün bir sıra işlər gördü. Sosial mənzillərin təşkili və satışı, eləcə də kirayə yolu ilə mənzilə sahib olma bu baxımdan nümunə göstərilə bilər. Sosial mənzillərin aztəminatlı vətəndaşlara təklifi bir müddət öncə Yasamal rayonu ərazisində salınmış kompleksdə həyata keçirildi. Bəs görəsən kirayə yolu ilə mənzilə sahib olma Bakıdan başqa regionlarımızı da əhatə edəcəkmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı mövzu barədə İqtisadiyyat.Az-a danışarkən, hazırki dövrdə qaydaların hələ tam hazır olmadığını bildirib: “Uzunmüddətli kirayə yolu ilə mənzillərin satılması haqqında İpoteka və Kredit Zəmanət Fonduna verilmiş səlahiyyətlər çərçivəsində işlər aparılır. Ancaq qaydalar tam hazırlanmayıb. Yəqin ki, yaxın zamanlarda qaydalarla bağlı fond tərəfindən məlumat veriləcək. Buna görə də hələki ümumiyyətlə bu şəraitdən yararlanmaq heç yerdə mümkün deyil”.

Ramil Osmanlı, qaydaların əhatə etdiyi coğrafiyaya gəldikdə isə bunları deyib: “Proses həm Bakda, həm də bölgələrdə reallaşdırılacaq. İpoteka proqramının həyata keçirildiyi və 2013-cü ildən bu yana yeni tikilisi olan regionlarda vətəndaşlar kirayə yolu ilə mənzilə sahib olma qaydalarından yararlana biləcəklər. Hansı ki, 2013-cü il yanvarın 1-dən Azərbaycanda tikinti və şəhərsalma məcəlləsi qüvvəyə minib. Bir sözlə, həmin məcəllə qüvvəyə mindikdən bu yana inşa edilən yeni tikililər qaydalarda əks olunur. Burada vətəndaşın kirayə qaldığı mənzili satın almaqdan söhbət getmir. Söhbət ondan gedir ki, İpoteka və Kredit Zəmanət Fondu mənzili alıb öz mülkiyyətinə keçirəcək və müraciət edən şəxsə kirayə verəcək. Kirayə müddəti bitdikdən sonra mənzil həmin kirayə götürənə qalacaq”.

Qeyd edək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Zəmanət Kredit Fonunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq edib. Qaydalara əsasən, vətəndaş həmin mənzilə 3 ildən sonra sahib ola biləcək və müqavilənin şərtindən asılı olaraq ödəməni 25 illik də edə bilər. Həmçinin 3 ildən sonra növbəti 22 il ərzində evin xərcini ödəməklə çıxarış (kupça) ala və ya digər şəxsə ötürə bilər. Ancaq vətəndaş bir illik kirayə haqqı həcmində ilkin ödəniş etməlidir. Kirayə haqqı 60 gün ərzində ödənilmədikdə fond müqaviləyə xitam verə bilər. Qaydalara görə evlər, fondun kapitalı və emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına alınacaq. Fondun özünün nizamnamə kapitalı 466 milyon manatdır.

Mehman Nəbiyev