BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında humanitar yardımların saxlanıldığı bir neçə anbarın talan edildiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

"Minlərlə insan Qəzza zolağının mərkəzi və cənub bölgələrində UNRWA-nın bir neçə anbarına və paylama mərkəzlərinə soxularaq buğda unu, ilkin tələbat malları və gigiyena məhsulları oğurlayıb", - məlumatda qeyd edilib.

Bildirilib ki, UNRWA anbarlarından birində Misirdən Fələstin anklavına gələn humanitar ləvazimatlar saxlanılır.

Agentlik vurğulayıb ki, daxil olan yardımlar əhalinin hər gün artan tələbatını ödəməyə kifayət etmir.