"BMT Mahaçqala hava limanında iğtişaşlar törədənləri pisləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Bildiyim qədərilə, təhlükəsizlik qüvvələri və hakimiyyət orqanları asayişi bərpa edib. Amma biz, şübhəsiz ki, hava limanına basqın etməyə cəhd edən və sırf dinlərinə görə insanları ovlamağa çalışanların hərəkətlərini pisləyirik", - Düjarrik qeyd edib.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanında bir neçə yüz insan Fələstin-İsrail münaqişəsinə qarşı etiraz aksiyasına toplaşıb. Etirazçılar hasardan keçərək uçuş-enmə zolağına, eləcə də hava limanının binasına daxil olublar. Dağıstan hökuməti vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizlik xidmətlərinin hadisə yerində işlədiyini bildirib. Hadisə ilə bağlı respublika rəhbəri Sergey Melikovun rəhbərliyi ilə operativ qərargah yaradılıb. O, hava limanına toplaşanların hərəkətinin kobud qanun pozuntusu olduğunu və buna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qiymət veriləcəyini bildirib.