"Son aylar Livan və İsrail arasında sərhəddə yaranan gərginlik narahatlıq doğurur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) bildirib.

UNIFIL-dən verilən açıqlamaya görə, UNIFIL komandiri general Aroldo Lazaro Livanın cənubundakı qərargahda İsrail və Livan ordusu rəsmiləri ilə üçlü hərbi görüş keçirib.

Açıqlamada qeyd olunub ki, görüşdə UNIFIL-in nəzarətində olan və İsrail ilə Livan arasındakı "Mavi Xətt" sərhədində hava və qurudan yaşanan pozuntular müzakirə edilib.

Bəyanatda general Lazaronın baş verən pozuntulardan dərin narahat olduğu bildirilib və o, tərəfləri koordinasiya mexanizminə əməl etməyə və birtərəfli hərəkətlərdən əl çəkməyə çağırıb.


Livan-İsrail sərhədində gərginlik

İsrail 1982-ci ildə yerləşdiyi Livanın cənubundan 2000-ci ildə çəkildikdən sonra 120 kilometrlik sərhədin təhlükəsizliyi UNIFIL-in nəzarətindədir.

"Mavi Xətt" termini UNIFIL-in nəzarəti altında olan sərhəd üçün istifadə olunur və UNIFIL təhlükəsizliyi təmin etmək məqsədilə bütün bölgəni patrul edir.

İsrail son vaxtlar sərhəd xəttində xəndəklər və məftil çəpərlər kimi möhkəmləndirmə fəaliyyətlərini artırıb. Bundan əlavə, sərhəddə bir hissəsi Livana aid olan Qacar ​​kəndini bütövlükdə zəbt edib və ətrafına məftillə divar çəkilib.