Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) Livan-İsrail sərhədində gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Livan və İsrail arasında "Mavi Xətt" olaraq təyin olunan sərhədin monitorinqindən məsul olan UNIFIL Livan ərazisindən İsrailə atılan raketlərlə başlayan gərginlik və İsrailin sonradan cavab zərbələri ilə bağlı yazılı açıqlama yayıb.

Gərginliyin daha ciddi həddə çatmaması üçün hər iki tərəflə təmasda olduqlarını bildirən UNIFIL öz missiyasına davam edəcəyini bildirib.

Bəyanatda hər iki tərəf təhlükəsizlik vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün təmkinli davranmağa çağırılıb.

Qeyd edək ki, İsrail ordusu səhər saatlarında Livandan İsraildəki hərbi müşahidə məntəqəsinə raket hücumu edildiyini açıqlayıb və hücuma artilleriya atəşi ilə cavab verib.

Livandakı Hizbullah terror qruplaşması İsrail sərhədindəki hərbi məntəqəyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.