Sudandakı münaqişələr səbəbindən 10,7 milyon insan evlərini tərk edib, onlardan 1,7 milyonu qonşu ölkələrə qaçıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında bildirilib.

Qeyd edilib ki, təşkilat Sudanda əhalinin yerdəyişməsini dünyada ən böyük hadisə kimi qiymətləndirib və ehtiyacı olanlara humanitar yardımın genişləndirilməsinə çağırıb.

BMqT-nin açıqladığı yeni məlumatlara görə, Sudandakı münaqişələr 9 milyonu ölkə daxilində olmaqla 10,7 milyon insanı köçkün vəziyyətinə salıb: "Təşkilat dünyada insanların ən böyük yerdəyişməsinə cavab olaraq humanitar yardımı təcili genişləndirmək üçün birgə beynəlxalq səylərə çağırır".

Sudandan ən çox Çad qaçqın qəbul edib (37%). Bundan sonra Cənubi Sudan (30%) və Misir (24%) gəlir. Qaçqınlar Efiopiya, Liviya və Mərkəzi Afrika Respublikasına da yol alıblar. BMqT xatırladıb ki, Sudandan olan qaçqınların axını artıq dərin böhran içində olan regionda əlavə humanitar ehtiyaclar yaradıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Amy Pope bildirib ki, bu gün dünyada məcburi köçkünlərin səkkizdə biri Sudandadır. O vurğulayıb ki, qida və sığınacaq çatışmazlığı, səhiyyə xidmətlərinə və sanitar şəraitə çıxışda çətinliklər səbəbindən onların sağlamlığı risk altındadır. 

Son 9 ayda silahlı toqquşmalar nəticəsində 6 milyondan çox sudanlı evlərini tərk edib. Bundan əvvəl ölkədə 3 milyon məcburi köçkün var idi.