"Tərəflər arasında alüminium və polad ticarət tarifləri ilə bağlı fikir ayrılıqları fonunda Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının iclasının gələn ilin əvvəlinə qədər təxirə salınması gözlənilir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, görüş oktyabrda ABŞ-Aİ sammiti ilə eyni vaxtda baş tutmalı idi, lakin sonra alüminium və polad ticarət rüsumları üzrə razılaşmada irəliləyiş olmadığı üçün dekabrın ortalarına təxirə salınıb. Eyni səbəbdən Aİ-ABŞ Şurasının iclası yenidən təxirə salınıb.

Aİ və ABŞ transatlantik ticarətdə yüksək tariflərin yenidən aktivləşdirilməsinin qarşısını almaq üçün polad və alüminium ticarəti üzrə müvəqqəti saziş imzalamaq üzərində işləyirlər. Bunlar polad və alüminium sektorlarında həddindən artıq polad istehsal gücü, eləcə də istixana qazı emissiyaları problemini həll etmək üçün ilkin razılaşmalardır. 

"Bloomberg"in məlumatına görə, ABŞ administrasiyası bundan sonra daimi saziş bağlamaq üçün 2025-ci ilin sonuna qədər status-kvonun saxlanmasını təklif edib. Öz növbəsində, Aİ yeni saziş imzalamazdan əvvəl mövcud müqavilənin qeyri-bərabər şərtlərini aradan qaldırmaq üçün öhdəlik istəyib.

2018-ci ildə ABŞ-nin keçmiş prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə Aİ-dən polad üçün 25%, alüminiuma isə 10% rüsum tətbiq edib. 2020-ci ildə Ağ Evin hazırkı rəhbəri Co Bayden Avropa ilə ticarət əlaqələrində yeni dövrün başladığını elan edib. O, 21,5 milyard dollarlıq məhdudiyyətləri aradan qaldırıb və polad və alüminiuma tətbiq edilən tarifləri dayandırmaq üçün danışıqlara başlayıb.