Bu gün bir qrup mətbuat nümayəndəsi Milli Mətbuat Günü münasibətilə “Hədəf-15” döş nişanına layiq görülüb.

İqtisadiyyat.az xəbər verir ki, "Hədəf Şirkətlər Qrupu"nun baş ofisində təşkil edilən tədbirdə şirkətin təsisçisi və baş direktoru Şəmil Sadiq milli təhsil brend olan "Hədəf Qrup" haqqında geniş məlumat verib:

“15 il müddətində qarşıya qoyduğumuz hədəflərə çatdıq, təhsil sahəsində mühüm işlər gördük. Məzunlarımız nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq şansı qazandılar. Eyni zamanda qeyd etmək istəyirəm ki, şəhid ailələri, müharibə iştirakçılarının ailələri kimi imtiyazlı kateqoriyadan olan gənclər üçün xüsusi güzəştlərimiz var. "Hədəf Şirkətlər Qrupu"na Hədəf Liseyi, Hədəf nəşrləri, Xan nəşriyyatı, Kitabevim.az kimi tanınmış brendlər daxildir. Bundan sonra da cəmiyyətimizə xidmət göstərməyə davam edəcəyik”, - deyə Ş.Sadiq bildirib. 

O, həmçinin göstərdikləri dost münasibətə görə media nümayəndələrinə təşəkkürünü bildirib və qeyd edib ki, "Hədəf Şirkətlər Qrupu" idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.

Tədbirdə "Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu, teleaparıcı, "İqtisadiyyat.az"ın məsul redaktoru Rahil Sayadoğlu, o cümlədən tanınmış jurnalistlər İlqar Rəsul, Aqil Ələsgər, Elnur Rüstəmli, Günel Mönsümova, Elnur Eltürk, Zaur İbrahimli, Şahin Nəcəfov, Cavid Qədir, Toğrul Allahverdi döş nişanı ilə təltif olunub.

Ümumilikdə, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 media nümayəndəsi "Hədəf-15" döş nişanına layiq görülüb.