Göygöldə “2023-cü il-Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində pedaqoji kollektivlərlə görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Onlar rayon ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşüb, müəllimləri Peşə bayramı günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıblar.

Görüşlərdə edilən çıxışlarda qeyd olunub ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. 

Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.  Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Xartırladılıb ki, Ümummilli lider Heydər Əliyev də həmişə müəllim əməyini yüksək qiymətləndirib və müəllim haqqında xoş sözlər söyləyib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb.