Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarına Livana səfər etməmək barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada BƏƏ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi baxımından Livana daha əvvəl qərar verilmiş səyahət qadağasına riayət edilməsinin vacib olduğu bildirilib.

Səyahət qadağasının nə vaxt verildiyi açıqlanmayıb və qərarın səbəbi paylaşılmayıb.

Bundan əvvəl Bəhreyn də analoji çağırış edib.

Qeyd edək ki, avqustun 4-də Səudiyyə Ərəbistanı da öz vətəndaşlarını “mümkün qədər tez Livan ərazisini tərk etməyə” çağırıb və onları silahlı münaqişə bölgələrindən uzaq durmağa çağırıb.

Küveyt və Almaniya da avqustun 5-də Livandakı vətəndaşlarını “ehtiyatlı olmağa, təhlükəsizlik problemi olan yerlərdən və münaqişə zonalarından uzaq durmağa” çağırıb.

Bəzi ölkələrin Livanla bağlı təhlükəsizlik xəbərdarlıqları verməsindən sonra Livanın baş naziri Nəcib Mikati dünən açıqlama verərək, ölkənin ümumi təhlükəsizlik vəziyyətinin həyəcan və panika səviyyəsində olmadığını bildirib.

Əlavə edək ki, Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi Ayn əl-Halvada iyulun 29-dan bəri fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında baş verən qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Livan tərəfinin vasitəçiliyi ilə iyulun 31-də düşərgədəki fələstinli qruplar arasında atəşkəsin əldə olunduğu elan edilib. Buna baxmayaraq, tərəflər arasında vaxtaşırı münaqişələr davam edir.