"ABŞ administrasiyası Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhəddində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bayden qeyd edib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yönləndirə bilməz.

Dövlət başçısı ABŞ-Meksika sərhədində tikilən divarın effektiv olub-olmaması ilə bağlı suala mənfi cavab verib.

Bundan əvvəl ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Texasın cənubunda divar tikintisi prosesinin davam etdirildiyini açıqlamışdı.

Birləşmiş Ştatlar 2021-ci ildə Meksika ilə sərhəddə divarın tikintisini dayandırıb. Seçki kampaniyası zamanı Bayden söz vermişdi ki, onun administrasiyası dövründə divarın tikintisi prosesi dayanacaq.