"Süni ajiotaja səbəb olan hərəkətlərə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı keçirdiyi növbəti brifinqdə çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir:

"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur. Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək".

Gülşən Şərif