Baş Prokurorluq pirotexniki vasitələrin satışı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğdan İqtisadiyyat.az-a verilən xəbərə görə, məlumatda qeyd olunub ki, Azərbaycanda pirotexniki məmulatların xüsusi icazə olmadan satışı qadağandır:

"Tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalardandır.

Pirotexniki məmulat dedikdə, pirotexniki yükü yandıraraq (partlayaraq) istənilən effekti əldə etmək üçün istifadə olunan məhsul başa düşülür. Bu məmulatların hərbi, sənaye və əyləncə növləri fəqləndirilir.

Tez alışan maddələr və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir.

Tez alışan maddələr və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazə almaq istəyən şəxs Fövqəladə Hallar Nazirliyinə aşağıdakı sənədləri əlavə etməklə ərizə ilə müraciət edir:

1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;

2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;

3. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

1. tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

2. tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;

4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.

Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi inzibati xəta hesab edilir və əməli törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə edilir".