Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqi BMT-nin 4-cü Komitəsinin iclasındakı çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid edib.

İqtisadiyyat.az xəbər verir ki, o, doğma xalqı ilə həmrəylik nümayiş etdirərək Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə Qoşulmama Hərəkatına minnətdarlığını bildirib.

Doğma xalqının Fransız neokolonializmindən azad olması üçün mübarizəni davam etdirdiyini vurğulayan E.Tokoraqi deyib: “Biz Fransanı ölkəmin gələcəyi üçün ədalətli dialoq aparılması ilə bağlı məsuliyyəti dərk edərək öz mövqeyini açıqlamağa çağırırıq. Biz Fransa hökumətindən bütün təbii resurslarımız, o cümlədən eksklüziv iqtisadi zonamızla bağlı olan dəniz resurslarımız üzərində tam suverenliyimizi tələb edirik. Fransa həyata keçirdiyi 193 nüvə sınağının insanların sağlamlığına və sosial sahəyə vurduğu zərərlərlə bağlı hələ də dolğun və aydın araşdırma aparmayıb. Bəs Emmanuel Makronun Fransada prezident seçkiləri qabağı qeyd etdiyi kimi, müstəmləkəçilik bəşəriyyətə qarşı cinayət deyilmi? Bəli, müstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir”.

Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olduğunu qeyd edən E.Tokoraqi qeyd edib: “Fransa xüsusilə də beynəlxalq hüquqa uyğun olaraq, dünya ictimaiyyətə rəsmi şəkildə bəyan etməlidir ki, o, bizim resurslarımızı idarə etməyi dərhal dayandırır. Kolonializmə və ya neokolonializmə son qoyulması yeni minillikdə formalaşdırmaq istədiyimiz beynəlxalq münasibətlərin mərkəzində dayanmalıdır”.