Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşkilatçılığı ilə “Nur” uşaq evində “Uşaq hüquqlarının qorunması və təbliği” mövzusunda silsilə təlimlər təşkil olunub.

İqtisadiyyat.az xəbər verir ki, “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin “Uğur Evi ilə uğurlara doğru” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi anılıb, böyüməkdə olan gənc nəslə qəhrəmanlarımızın keçdikləri şərəfli yol barədə məlumat verilib, onlara Vətənə və dövlətə sevgi aşılanıb.

Təlimlərdə, həmçinin kimsəsiz, sosial qayğıya ehtiyacı olan uşaqların dövlətin xüsusi qayğısı ilə əhatə edildiyi, həssas kateqoriyaya aid insanlara daim diqqət göstərildiyi bildirilib. Onların təhsil, səhiyyə, məşğulluq ilə bağlı məsələlərinin həllinin hər zaman dövlətin nəzarətində saxlanıldığı, bu qəbildən olan şəxslərə hər cür köməyin göstərildiyi və ölkəmizin gələcəyinin uşaqlarla bağlı olduğu diqqətə çatdırılıb.

Uşaq evinin sakinlərinə həm beynəlxalq, həm də milli qanunvericilikdə uşaq hüquqları, onların təmin edilməsi və qorunması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həyatda uğur qazanmaları, vəzifələrini yerinə yetirə bilmələri, Vətənə xeyirli övlad olmaları, eyni zamanda, öz gələcəklərini qura bilmələri üçün uşaqlar daim öz üzərilərində işləməlidirlər.