Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti Rusiya Federasiyasının Prezident aparatına müraciət edərək ölkədən 5 milyard dollar çıxarmaq üçün icazə istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib. Onun sözlərinə görə, "Lukoyl" bu pulu öz səhmlərini xarici investorlardan geri almağa xərcləməyi planlaşdırır.

Qeyd olunur ki, səhmlərin geri alınması təxminən 5 milyard dollara başa gələcək. Hökumətə oxşar müraciətlər edən digər neft-qaz şirkətlərini də nəzərə alsaq, məbləğ 10 milyard dollara çata bilər.

Mütəxəssislər bildirirlər ki, bu cür əməliyyatlar kapitalın xaricə çıxmasına kömək edə bilər və rublun yenidən dəyər itirməsinə səbəb ola bilər.

Kremldən V.ƏLəkbərovun sorğusuna müsbət cavab verilib-verilmədiyi dəqiq bilinmir.