2019-cu ilin noyabr 1-dən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi – bu sahədə yeni idarəetmə mexanizmi yaradılıb. Övladlığa uşaq götürmək istəyən valideyn–namizəddən onunla birgə yaşayan 18 yaşdan yuxarı şəxslərlə birlikdə notariat orqanında övladlığagötürmə ilə bağlı ərizə alınır. Təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürülür, övladlığagötürmə ilə bağlı müraciət üçün “e-sosial.az” internet portalında qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır. Xəstəliklərə dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edilir. Bəs, görəsən ötən illərdə uşaq götürəndən sonra peşman olub geri qaytaran olubmu? 

İqtisadiyyat.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib ki, səlahiyyət nazirliyə veriləndən – 2019-cu il noyabrın 1-dən etibarən övladlığa verilmiş uşaqlarla bağlı “övladlığa götürmənin ləğvi” üçün müraciət edən olmayıb.

Onun sözlərinə görə, Agentlik tərəfindən övladlığa götürülən uşaq 18 yaşına çatanadək ailədəki vəziyyəti, əqli, fiziki və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə birinci ildə rübdə bir dəfə, növbəti illərdə, ən azı, ildə bir dəfə monitorinq aparılır. 

Sədr həmçinin il ərzində, təxminən, neçə ailənin övladlığa uşaq götürdüyünü də açıqlayıb. O bildirib ki, övladlığagötürmə zamanı uşaqların sayına məhdudiyyət qoyulmur: "Ötən dövrdə 242 nəfəri oğlan, 236 nəfəri qız olmaqla 478, 2023-cü ildə isə 115 uşaq övladlığa verilib. İndiyədək övladlığa götürülən uşaqların 50,6 faizi qız, 49,4 faizi isə oğlan olub".