Statistikaya görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 19 faiz qalxıb. Rəsmi məlumata görə, ən çox bahalaşma tərəvəz məhsullarında (60 faiz), çörək və un məmulatlarında (18 faiz) olub. Əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda qidadan təşkil olunmuş səbətin dəyəri 68 faiz artıb. Kərə yağı, yumurta, ət kimi məhsullardakı qiymət artımları tez-tez xəbərlərin mövzusu olur, sosial mediada geniş müzakirə olunur.  
 
Bəs görəsən, qarşıdakı dövrdə, konkret olaraq payız aylarında hansı ərzaq məhsullarının qiyməti bahalaşa bilər? İqtisadiyyat.az mövzunu araşdırıb.  
 
Yerli istehsala daha çox üstünlük verilməsinin vacib olduğunu qeyd edən iqtisadçı ekspert Asif İbrahimova görə, qarşıdakı aylarda ölkədə qida qıtlığı yaşana bilər: 
 
"Artıq Azərbaycanda ikirəqəmli inflyasiya indeksi qeydə alınmağa başlayıb. Ona görə də ölkə başçısı iqtisadi məsələlərlə bağlı sonuncu çıxışında hökumət üzvlərinə tapşırıq verdi ki, bahalaşmanın mənbəyində duran səbəblər araşdırılsın və aradan qaldırılsın. Məlumdur ki, bahalaşmaya daxili və xarici faktorlar təsir edir. Daxili faktorlardan biri bir çox sahələr üzrə mexanizmlərin tətbiqinin gecikdirilməsidir. Belə ki, yekun məhsulun ərsəyə gəlməsində çəkilən xərclərin yüksək olması, subsidiyaların tətbiqində müəyyən nöqsanların mövcudluğu, bir sıra bürokratik problemlər və yerli lokal nöqsanlar bahalaşmaya təsirsiz ötüşmür.  

 

 
Xarici faktorlara gəlincə, əsas səbəb dünya taxıl ehtiyatının 25 faizini təmin edən iki ölkə arasında müharibənin davam etməsidir. Azərbaycan Rusiya və Ukraynadan təkcə taxıl tədarük etmir. Həmin ölkələrdən taxıldan əlavə, şəkər çuğunduru, qarabaşaq, ət və ət məhsulları da idxal olunur.  
 
Hesab edirəm ki, sentyabr-oktyabr aylarında qida məhsullarında xüsusi bahalaşma baş verəcək. Məsələn, şəkər çuğundurunun idxalı və ixracı azalıb. Bundan başqa, düyü tədarükündə qıtlıq yarana bilər. Qida qıtlığının yaranmaması üçün yerli istehsalı gücləndirməliyik. Əks halda Azərbaycanda ərzaq böhranı yaşana bilər".  
 
İqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli isə öz növbəsində vurğulayıb ki, qarşıdakı dövrdə un məmulatlarının qiyməti bahalaşacaq: 
 
"Son 12 ayda dünya ərzaq bazarında davamlı ucuzlaşma var. Taxılın qiymətində 30 faiz, ümumilikdə ərzaq məhsullarında 26 faizlik, ət, şəkər çuğunduru, duru yağların qiymətində isə ciddi şəkildə ucuzlaşma müşahidə olunur. Lakin ötən ay Rusiya Taxıl Sazişini dayandırmasaydı, un və çörək bir qədər də ucuzlaşacaqdı. İndiki məqamda isə Rusiyanın qərarı ucuzlaşmanı dayandırdı. Hətta müəyyən qədər bahalaşma gözlənilir.  

 

 
Bundan başqa, Hindistanın düyünün ixracına məhdudiyyət qoymasından sonra Rusiya da eyni addımı atdı. Ona görə də dünya bazarında düyünün qiymətində bahalaşma yaşanır. Bu bahalaşma Azərbaycana da təsir edəcək. Ət və süd məhsullarının qiymətində isə bahalaşma gözlənilmir".  
 
Gülşən Şərif