2019-cu ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 267 milyon 484 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, 2018-ci illə müqayisədə 21,55% azdır.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 413 milyon 693 min manat təşkil edib. Bu isə illik müqayisədə 6,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 27,3% artaraq 124 milyon 899 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 24,2% artaraq 176 milyon 638 min manata çatıb.

Beləliklə, 2019-cu ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 42,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ildə müvafiq olaraq 28,8 manat və 36,75 manat olub. 

Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 17% artıb

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 17% artıb. 2019-cu ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 456 milyon 604 min manat sığorta haqqı toplanılıb. Bu, 2018-ci illə müqayisədə 14,8% azdır.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 17,1% artaraq 224 milyon 573 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 220 milyon 91 min manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 18,45% artaraq 80 milyon 627 min manata çatıb.

Beləliklə, 2019-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ildə 32,2 manat olub. Ötən il icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,3 manatdan 35,9 manata qalxıb.(Marja)