Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.

XİN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.

C.Bayramov Azərbaycan tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planlar barədə məlumat verib.

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

16.12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Nazirlər ikitərəfli gündəliyin cari vəziyyətini və perspektivlərini, həmçinin son regional hadisələri müzakirə ediblər.