Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 13-də yaydığı bəyanatda Azərbaycanı Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid etməkdə ittiham edib. Sentyabrın 14-də Rəsmi Bakı buna cavab bəyanatı olaraq bildirib ki, Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına almaqla, bölgədə qüvvə topladığını ört-basdır edir. İrəvanın bu mövqeyi hər an törədə biləcəyi təxribat səylərindən fikri yayındırmaq cəhdləridir ki, bu da təhdid mənbəyidir.

 

 

Mövcud gedişatla bağlı siyasi şərhçi Azər Həsrət İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Ermənistanın son addımları onun və havadarlarının gözləntilərini doğrultmayacaq:

"Ermənistanın açıqlamaları onun son çırpıntılarıdır. Yəni bıçaq sümüyə dirənib. Azərbaycan faktiki olaraq məsələni kökündən həll edib. Sadəcə olaraq son tamamlama işləri aparılır. Ermənistan bu mərhələdə nəsə qoparacağına ümid edir və bunu Fransanın köməyi ilə etməyə çalışır. Lakin Azərbaycan açıq şəkildə Ermənistana və onun havadarlarına göstərir ki, heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi toxunulmazdır və bu məsələdə heç bir ölkəyə güzəşt edilməyəcək. Ermənistan müxtəlif gedişlər etsə də, Azərbaycanın sərt mövqeyi ilə üzləşir. Yəni bu gedişlərdən əl çəkmək lazımdır. Ermənistan heç nə qazana bilməyəcək".

Gülşən Şərif