Son günlər həm Qarabağ ərazisində, həm də Azərbaycan-Ermənistan şərti sərhədində müşahidə olunan gərginlik Cənubi Qafqazla yaxından maraqlanan siyasətçilərin, siyasi şərhçilərin və digər ekspertlərin maraq dairəsindədir.

Rusiyanın "Kommersant" nəşrinin köşə yazarı, tanınmış jurnalist Mixail Qureviç də bu mövzuya dair öz analitik fikirlərini qələmə alıb. 

İqtisadiyyat.az sözügedən məqaləni təqdim edir.

Azərbaycan və Ermənistan yenidən hərbi münaqişə astanasındadır. Sosial şəbəkə platformalarında zirehli hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər paylaşılmaqdadır. Müşahidəçilər İsrail və Türkiyədən Gəncə aerodromuna hərbi yüklərin daşındığını qeyd edirlər və görünür, heç nə yeni qan tökülməsinin qarşısını ala bilməyəcək.

Bütün bunların fonunda Ermənistanın hansısa strateji düşüncəsinin olmadığını demək çətindir. Moskvaya müraciət əvəzinə rəsmi İrəvanın KTMT-dəki nümayəndəsini geri çağırması və Qərblə müttəfiqliyə daha çox meyl etməsi diqqət çəkir. Prezident İlham Əliyevlə təcili dialoq cəhdləri Qarabağ bölgəsində “prezident” seçkiləri ilə müşayiət olunur. İstər iqtidar, istərsə də müxalifət olsun, Ermənistan siyasi elitasının ölkənin düşdüyü çıxılmaz vəziyyətdən çıxış yolu ilə bağlı heç bir təklifi yoxdur.

Çıxılmazlıq isə təkcə iqtisadi deyil, həm də ekzistensialdır. Üç onillik ərzində Ermənistan dövləti Birinci Qarabağ müharibəsindəki qələbədən və Rusiyanın müttəfiqlik öhdəliklərinə inamdan ruhlanırdı. İndi ölkə hiss edir ki, hər iki əsas sütun artıq aktual deyil. Oxşar emosiyalar diaspor təşkilatlarında da müşahidə olunur. Hətta Kim Kardaşyan da dözə bilməyib ABŞ prezidenti Co Baydenə “yeni erməni “soyqırımı”nı dayandırmaq” üçün müraciət edib.

Ermənilər sadəcə olaraq inanmırlar ki, döyüşlər başlayarsa, kimsə onlara kömək edə bilər. Qərb hələ hazır deyil, amma Rusiya... Bəs Rusiya? Görünür, Moskva sadəcə olaraq müdaxilə etmək istəmir. Əvvəla bizim özümüzün kifayət qədər silahımız yoxdur. Bundan başqa bu qədər sanksiyalar altında Bakı ilə mübahisə heç də doğru qərar olmaz. Nəticədə nə baş verir? Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfirini çağırır və ona etirazını bildirir. Ölkənin televiziya kanallarda isə beynəlxalq hüquqla bağlı qeyri-müəyyən müzakirələr eşidirik.

Burada qeyd etmək yerinə düşər ki, Azərbaycanın suveren torpaqları haqqında tezis 2008-ci ildə Cənubi Osetiya və Abxaziya probleminə analoji yanaşma ilə heç də uyğun gəlmir. Onda da Rusiya sülhməramlıları bütün beynəlxalq qanunlara görə Gürcüstan ərazisi hesab edilən tanınmamış “respublika”larda yerləşmişdi. Lakin bu vəziyyət “mavi dəbilqəlilər”in nizami ordu ilə əvəzlənməsinə və sözdə sülhməramlı hərəkətlərə mane olmadı.

Bəzən müttəfiqinizi sakitləşdirmək və gərginliyin dərəcəsini azaltmaq üçün güclü təminatlar kifayətdir. Məsələn, bunlardan biri KTMT-nin Ermənistanın ərazi bütövlüyünün pozulması halında kollektiv müdafiə prinsipinin tətbiqi ilə bağlı bəyanatı ola bilər. Amma görünür, KTMT Qafqazdakı vəziyyəti, məsələn, Qazaxıstanda 2022-ci ilin yanvarında olduğundan daha az təhlükəli hesab edir.

Hazırda Bakının davranış xətti daha məntiqli və ardıcıl görünür. Azərbaycan nəhayət Qarabağ məsələsini həll etmək və Naxçıvana nəqliyyat dəhlizi açmaq əzmindədir. Ölkənin Xarici İşlər naziri Ceyhun Bayramovun ötən həftə dediyi kimi “Bakının Ermənistanın iştirakı olmadan Zəngəzur dəhlizinin açılması üçün “B planı” var”. Bunun hərbi yolla, yoxsa İranla razılaşma formasında nəzərdə tutulduğu hələ məlum deyil, lakin rəsmi Bakı açıq şəkildə hiss edir ki, fürsət pəncərəsi var və bütün problemlər indi həll olunmasa, növbəti şansı onilliklərlə gözləməli olacaq.