Avropa Komissiyası bu gün Avropa İttifaqının (Aİ) genişlənməsinə dair illik hesabatını təqdim edəcək.

İqtisadiyyat.az xəbər verir ki, hesabatda Avropa komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi də daxil olmaqla 2022-cü ilin iyunundan sonra Gürcüstanda həyata keçirilən islahatlara qiymət veriləcək. Hesabat əsasında daha sonra Avropa Şurası tərəfindən Gürcüstana Aİ namizədi statusunun verilib-verilməməsinə qərar veriləcək.

Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu gün Brüsselə səfər edəcək. Onun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşərək komissiyanın illik hesabatını, Gürcüstana namizəd statusunun verilməsini və Gürcüstanın ittifaqa üzvlüyü istiqamətində atacağı gələcək addımları müzakirə edəcəyi bildirilib.