"27 Avropa İttifaqı (Aİ) ölkəsinin daimi nümayəndələri cümə günü Avropa Komissiyasının (AK) Rusiyaya qarşı təqdim etdiyi 12-ci sanksiyalar paketinin ilk müzakirəsini keçirib, ancaq bu istiqamətdə razılaşma hələ çox uzaqdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.

"Bəli, bu gün səfirlərin iştirakı ilə ilk müzakirə oldu. Bu, göstərdi ki, paket hələ razılaşdırılmaqdan uzaqdır", - mənbə qeyd edib.

Diplomatın sözlərinə görə, səfirlərin məqsədi dekabrın 14-15-də keçiriləcək Aİ sammiti üçün yeni paketi razılaşdırmaqdır: "Məqsəd liderlərin dekabrda keçiriləcək sammitində razılığa gəlməkdir. Lakin ilk müzakirələr göstərdi ki, bunun mümkün olub-olmayacağını söyləmək hələ tezdir. Səfirlərin müzakirələri gələn həftə davam edəcək".

Bundan əvvəl Avropa Komissiyası 12-ci paket çərçivəsində Rusiyada 120 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etməyi təklif etmişdi. Layihədə həmçinin sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün yeni idxal və ixrac məhdudiyyətlərinin qəbul edilməsi və neftin qiymətinin maksimum həddinin azaldılması təklifi də yer alır.