Avropa Şurası Parlament Assambleyası (AŞPA) ikiüzlü təşkilatdır. 

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, AŞPA-nın 30 il ermənilərin tərəfini saxladığını və onların talanlarına qarşı bir söz demədiyini bildirib: "AŞPA indi qayıdıb bizə deyir ki, ermənilərin haqlarını pozuruq. Bizim nümayəndə heyətimiz çox gözəl bir bəyanat verərək bildirdilər ki, fəaliyyətimizi müvəqqəti olaraq dayandırırıq. Ola bilər ki, heç qayıtmasınlar".

"Bizim Avropaya ehtiyacımız var, amma bizə qarşı belə hərəkətlər yolverilməzdir. Biz heç kəsin qulu deyilik. Heç kəsin sözü ilə oturub duran oyuncaq dövlət deyilik. Bizim gücümüz, qüdrətimiz var. Böyük bir zəfər qazanmışıq. Bu da qələbəmizi həzm etməyənləri cırnadır", - deputat əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Sadiq Cavadov