Avropa Parlamentinin (AP) üzvləri Avropa Komissiyasının Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardımın göstərilməsi üçün maliyyələşdirmə mexanizminin yaradılması layihəsini dəstəkləyiblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

"Avropa Parlamentinin Büdcə və Xarici Əlaqələr Komitələri düzəlişlər edib və 2024-cü ildən Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi mexanizmini dəstəkləmək üçün 50 milyard avro ayrılması təklifini təsdiqləyib", - məlumatda deyilir.

Avropa Parlamentinin deputatları yeni büdcə mexanizmin mümkün qədər tez təsdiqlənməsini müdafiə ediblər. Düzəlişlərə gəlincə, parlamentarilər əsas tələblərdən biri kimi Ukraynanın bərpası üçün Rusiya və ya Ukrayna münaqişəsi ilə bilavasitə əlaqəli olan digər hüquqi və ya fiziki şəxslərin aktivlərindən istifadə edilməsini irəli sürürlər. Onlar həmçinin Ukraynada fırıldaqçılıq, korrupsiya, maraqların toqquşması və Aİ fondlarından istifadə zamanı qanun pozuntuları ilə mübarizə üçün müddəaların gücləndirilməsini təklif ediblər.

Ayrı-ayrılıqda parlamentarilər Kiyevin xeyrinə maliyyə əməliyyatları haqqında məlumatların dərc olunacağı xüsusi internet portalının yaradılmasını müdafiə ediblər. Bundan əlavə, siyasətçilər Ukraynanın üçüncü ölkələrdən və beynəlxalq təşkilatlardan aldığı vəsaitlərin dərc olunmasının tərəfdarı olublar. Avropa Parlamentinin iştirakı ilə respublika üzrə islahat planının hazırlanması təklif olunur.

Mövzu ilə bağlı hesabat layihəsi oktyabrın 16-dan 19-dək Strasburqda keçiriləcək plenar iclasda səsverməyə çıxarılacaq.

"Üzv ölkələrlə danışıqlar Aİ Şurası ortaq mövqe hazırlayan kimi başlaya bilər", - mətbuat xidmətinin bəyanatında deyilir.