"Taxıl sazişinin bərpası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçiriləcək danışıqların əsas mövzusu olacaq və Ankara burada razılığın əldə olunacağına ümid edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri Akif Çağatay Kılıç bildirib.

"Xarici işlər nazirimiz Hakan Fidan hazırda Rusiyadadır. Dünən o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu səfər iki lider arasında bazar ertəsi keçiriləcək sammitə hazırlıq çərçivəsindədir", - diplomat qeyd edib.

"Rusiya bildirib ki, konkret tələbləri yerinə yetirilmədikcə, razılaşmaya qayıtmayacaq. Həll edilməli olan bir sıra texniki məsələlər var. Biz o cümlədən BMT ilə də danışıqlar aparırıq, çünki problem bütün dünyanı narahat edir. Ümid edirik ki, Soçidə taxıl dəhlizinin bərpası ilə bağlı razılıq əldə olunacaq”, - deyə Kılıç bildirib.