İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası Avropa İttifaqının (Aİ) uğursuz layihə olduğunu bəyan edərək, Aİ-nin “Avropa xalqlarının federasiyası” kimi yenidən qurulmasına çağırıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Almaniyada aparılan sorğulara görə, təxminən yüzdə 21 səslə ölkənin ikinci partiyası olan AfD, gələn ilin iyununda keçiriləcək Avropa Parlamenti (AP) seçkiləri öncəsi Maqdeburqda toplaşıb.

AfD həmsədrlərindən Alice Weidel, iclasda Aİ-ni tamamilə rədd edən partiya liderləri ilə apardığı danışıqlar nəticəsində partiyasının “ana vətənlərdən ibarət Avropa ideyasını dəstəklədiyini” bildirib. O, bu ideyanı "suveren, demokratik dövlətlərin Avropa birliyi” kimi qiymətləndirib.

İclasda gələn il keçiriləcək AP seçkilərində partiyanın 35 namizəddən ibarət siyahısı da dəqiqləşib.

Aİ-nin miqrasiya və iqlim siyasəti də daxil olmaqla bütün mühüm sahələrdə “tamamilə uğursuz” olduğu və “avrodan ən qısa zamanda imtina edilməli” olduğu vurğulanıb.

Çıxışlarda müxalifətdə olan keçmiş kansler Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) ilə əməkdaşlıq ideyasına da qarşı çıxılıb.