"Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ölkələri ilə uzunmüddətli əməkdaşlığa ümid edir və təlatümlü geosiyasi vəziyyət fonunda regionda sabitlik və müsbət dəyişikliklər görür." 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas məlumat verib.

"Dünyada geosiyasi turbulentliyin baş verdiyi, dünyanın qeyri-sabit və təhlükəli vəziyyətə düşdüyü indiki dövrdə Aİ Mərkəzi Asiyaya çox ciddi yanaşır. Hər şeyin sabit olduğu, müsbət dəyişikliklərin getdiyi region məhz Mərkəzi Asiyadır. Mərkəzi Asiya ilə əməkdaşlığımız birdəfəlik deyil, biz uzunmüddətli perspektivə, iqtisadi islahatların katalizatoru olmağa, infrastrukturun inkişafına diqqət yetirməyə, əməkdaşlığımızı inkişaf etdirməyə sadiqik", - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 14-dən Şinas Mərkəzi Asiyanın beş ölkəsində (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan) qastrol səfərindədir. 

O həmçinin qeyd edib ki, yanvarın 29-30-da Brüsseldə regionun bütün ölkələrinin təmsil olunacağı investisiya forumu keçiriləcək. "Ona görə də investisiya forumu ərəfəsində Mərkəzi Asiyaya səfər etmək, regionun bütün beş ölkəsinə özümüzlə biznes gətirdiyimizi, yəni biznes ideyalarını həyata keçirməyə sadiq olduğumuzu bildirmək istədim", - diplomat qeyd edib.