HƏMAS hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə razılaşma təkliflərinə hələlik yekun cavab verməyib, ABŞ isə bu cavabı mümkün qədər tez almağa çalışır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

Ondan radikallar tərəfindən saxlanılan girovların azad edilməsi və humanitar fasilənin bərpa oluna biləcəyi mümkün saziş ətrafında yaranmış vəziyyəti şərh etməsi xahiş olunub. Diplomat belə cavab verib: 

"HƏMAS-ın rəsmi açıqlamalarını gördük, ancaq bu, o qədər də ürəkaçan deyil. Amma bu gün səhər mən Qətərin baş naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə danışdım. O, hələlik HƏMAS-dan son olaraq heç bir cavab almayıb. Mən təkid etdim ki, o, onlardan mümkün qədər tez cavab almağa çalışsın. Və bu məsələ ilə bağlı daha çox məlumat əldə etdikdə məlumat verəcəyik".