ABŞ, Rusiya və Çinin Afrikadakı mübarizəsi güclü iqtisadiyyata, zəngin təbii ehtiyatlara yönəlib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu, “Afrikada Böyük Güc Rəqabəti və Münaqişə” başlıqlı hesabatda bildirilib. 

Hesabata görə, ABŞ, Rusiya və Çinin Cənubi Afrika Respublikası, Sudan, Keniya və Nigeriya kimi strateji mövqelərə malik ölkələrə marağı artıb. ABŞ-ın əsas hədəflərindən birinin terrorla mübarizə olduğu bildirilən hesabatda sözügedən ölkənin qeydiyyatsız silahlar, insan alveri və beynəlxalq cinayətlərlə mübarizədə qitə ölkələri ilə əməkdaşlıq etdiyi iddia edilib.

Mozambikdən titan, Konqodan kobalt və tantal, Namibiyadan uran və Cənubi Afrikadan xrom tədarük edən Çin bu şəbəkəni şaxələndirmək istəyir və buna qarşı çıxa biləcək yerli siyasi qüvvələrə qarşı mübarizə aparır. Afrika ölkələri ilə əlaqələrinə önəm verən Pekin rəhbərliyi qarşıdakı 10 ildə Afrikanın iqtisadi cəhətdən ən aktiv yerlərindən biri olacağını proqnozlaşdırır və bu yüksəlişdən faydalanmağı hədəfləyir.

 Rusiya isə Afrikada geostrateji və iqtisadi maraqlarına uyğun addımlar atır. Belə ki, Rusiya NATO mühasirəsindən çıxmaq və Qərbdəki rəqibləri ilə mübarizə aparmaq üçün strateji mövqedə yerləşən Afrika ölkələrinə üz tutur. Afrikada hakimiyyət mübarizəsində "Vaqner" kimi silahlı qruplaşmalardan istifadə edən Rusiya özünü Afrika ölkələrinə etibarlı təhlükəsizlik tərəfdaşı kimi təqdim edir.

Hesabata görə, ABŞ-Rusiya rəqabətində birinci yeri Nigeriya, ABŞ-Çin rəqabətində isə əsas yeri Cənubi Afrika Respublikası tutur.

Gülşən Şərif