ABŞ Ticarət Departamenti Rusiyadan üç, Çindən altı və Birləşmiş Ərəb Əmirliklərindən daha iki şirkətə ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilən bildirişdə deyilir.

Departamentin Sənaye və Təhlükəsizlik Bürosu şirkətlərin Birləşmiş Ştatların milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdiyini müəyyən edib.

Siyahıya Rusiyanın “UEC-STAR”, “Delta Aero” və “Aerosila” şirkətləri daxil edilib.

Vaşinqton iddia edir ki, qara siyahıya salınmış Rusiya şirkətləri İran "Şahed" PUA-larının istehsalında istifadə üçün ikili təyinatlı komponentlər də daxil olmaqla, aerokosmik komponentlərin satın alınması şəbəkəsində iştirak edirlər. ABŞ administrasiyasının bildirdiyinə görə, BƏƏ şirkətləri Amerika məhsullarının alınmasında İran hakimiyyətinə yardım edib. Öz növbəsində, sənəddə bildirilir ki, Çin şirkətləri Çinin hərbi sahədə modernləşmə səylərini dəstəkləmək üçün Amerika istehsallı məhsullar almağa çalışıblar və lazımi məhsulları almaqla Rusiya Silahlı Qüvvələrinə dəstək veriblər.

Tətbiq edilən məhdudiyyətlər nəticəsində tədarükçülər xüsusi lisenziya almadan Amerika mallarını ABŞ Ticarət Nazirliyinin sanksiyalarına məruz qalan hüquqi şəxslərə göndərə bilməyəcəklər.

 

Sadiq Cavadov