Birləşmiş Ştatlar administrasiyası Misir və İsrail hakimiyyəti ilə qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaradılması imkanını müzakirə edir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Bilirəm ki, bir çoxlarınız Qəzzada mülki şəxslər üçün təhlükəsiz dəhliz yaradılması ideyasını soruşmusunuz və ya maraqlanmısınız. Dərhal deyim ki, biz bu məsələni israilli və misirli həmkarlarımızla fəal müzakirə edirik. Biz ideyanı dəstəkləyirik. Həmas-ın etdiklərində mülki şəxslər günahkar deyil", - diplomat qeyd edib.

Bununla belə, o, qaçqınlar üçün mümkün dəhlizlərlə bağlı təfərrüatlara malik olmadığını vurğulayıb: "Mən sizə konkret marşrut və ya dəhliz verə bilmərəm. Sadəcə onu bildirmək istəyirəm ki, biz misirli və israilli həmkarlarımızla bu məsələ üzərində fəal işləyirik. Mülki əhali silahlı münaqişə qanunları ilə qorunur və onlara hər cür imkan verilməlidir ki, onlar hərbi əməliyyatlardan qaçsınlar", - Kirbi deyib.