Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın şimalında, Rusiya Federasiyası və Belarusla həmsərhəd olan Çerniqov vilayətində ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, o, konqresmenlərə hərbi əməliyyatların gedişi barədə danışıb və onlardan Kiyevə yardıma səs vermələrini istəyib.

"Mən dünən Çerniqov vilayətində konqresmenlərlə görüş keçirdim. Tərəfdaşlarımı cəbhə xəttindəki vəziyyət və ordumuzun prioritet ehtiyacları barədə məlumatlandırdım", - deyə Zelenski öz "Telegram" kanalında yazıb. 

Ukrayna prezidenti əlavə edib ki, nümayəndə heyətində hər iki partiya və Konqresin hər iki palatası təmsil olunub.

Bir gün əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak demişdi ki, Konqresin Ukraynaya yardımın ayrılması məsələsinə baxması üçün verilən müddətin uzadılması ABŞ-ın dəstəyini kompensasiya etmək iqtidarında olmayan Kiyev üçün kritikdir. Onun sözlərinə görə, Konqresdə bu məsələ ilə bağlı müzakirələr ABŞ-ın reputasiyasına mənfi təsir göstərir və digər tərəfdaşları demorallaşdırır.